Milli valyutamızın tarixi

İlk seriya milli valyutanın tarixi

Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin – Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində «Азербайджанская Республика» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilmişdir.

25 rubl25 rubl

100 rubl100 rubl

250 rubl250 rubl

500 rubl500 rubl

1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilmişdir. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olmuşdur. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

Sovet dövründə Azərbaycan ərazində tədavüldə olmuş pul nişanları

Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılmışdır. Bu emissiya çərçivəsində birinci əskinas – 1.000 rubl (böyük formatda), sonra isə 5 (2 variantda), 100 (2 variantda) və 1.000 (kiçik formatda) manatlıq, 1921-ci ildə isə yeni dizaynla dörd yeni nominal – 5.000, 10.000, 25.000 (2 variantda) və 50.000 manatlıq əskinaslar tədavülə buraxılmışdır.

1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində 1922-ci ildə 3 yeni əskinas – 100.000 (3 variantda), 250.000 (2 variantda) və 1.000.000 (2 variantda) manatlıq əskinaslar, 1923-cü ilin əvvəlində isə 5.000.000 manat nominallı pul nişanı dövriyyəyə buraxıldı.

ASSR-in 1920-23-cü illərdə həyata keçirdiyi emissiyasının əskinaslarının üzərində onların dəyəri azərbaycan dilində manatla, rusca isə rublla göstərilmişdir. Bütün əskinaslarda dövlət atributlarının elementləri – “aypara və ulduz”, “oraq və çəkic” təsvir edilmiş, üzərində buraxdığı tarix əks olunmuşdur. Çap prosesində su nişanları yalnız bir neçə nominalda – 25.000, 100.000, 250.000 və 1.000.000 manatlıq əskinaslarda istifadə edilmişdir.

1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olmuşdur ki, 1-ci buraxılışa 5.000, 10.000, 50.000, 100.000, 250.000, 500.000, və 1.000.000 rublluq, 2-ci buraxılışa 500, 10.000, 50.000, 100.000, 250.000, 500.000, 1.000.000, 5.000.000 və 10.000.000 rublluq, 3-cü buraxılışa 10.000, 25.000, 50.000, 100.000, 250.000, 500.000, 1.000.000, 5.000.000 və 10.000.000 rublluq nominallar daxildir. 1922-1923-cü illərdə Cənubi Qafqaz respublikalarında güclənən təsərrüfat böhranı və inflyasiya nəticəsində, 1924-cü ilin əvvəlində ZSFSR hökumətinin qərarı ilə tədavülə 25, 50, 75, 100, 250 milyon və 1 milyard rublluq əskinaslar buraxılmışdır.

Bu dövrdə ZSFSR-in pul təsərrüfatı dövriyyəyə dünya pul tədavülü tarixində yalnız bir dəfə 10 milyard nominallı əskinas buraxması ilə xarakterikdir. ZSFSR pul vahidləri Azərbaycan, Gürcüstan və Ermənistanda dövriyyədə olmuşdur. Bu üç respublika arasında iqtisadi durum Azərbaycanda yüksək olduğundan Azərbaycan manatı – ZSFSR rublundan dəyərli idi.

Zaqafqaziya Federasiyasının bütün 4 emissiyasının əskinaslarının dizaynı eyni tərzdə yerinə yetirilmişdir. Belə ki, əskinasların üz tərəfində mərkəzdə Tiflisdə yerləşən ZSFSR-in Mərkəzi İcraiyyə Komitəsinin binası, arxa tərəfdə isə ulduz içərisində aypara, oraq və çəkic təsvirləri verilmişdir. Bütün əskinasların üzərində buraxıldığı tarix göstərilmişdir. 1 və 10 milyardlıq əskinasların arxa tərəfində qadın təsviri və onun yanında isə taxıl, meyvə və tərəvəz təsvirləri verilmişdir. 1923-cü ildə SSRİ Dövlət Bankı yaradıldı və onun Bakı filialı açıldı, bununla da Azərbaycanın bank sistemi Moskvadan idarə olunmağa başlandı. 1936-cı ildə SSRİ-nin qəbul edilmiş Konstitusiyasına əsasən Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ Dövlət Bankının Azərbaycan filialı 1991-ci ilədək fəaliyyət göstərdi və SSRİ məkanında vahid valyuta funksiyasını sovet rublu həyata keçirdi. SSRİ dövründə İttifaqa daxil olan digər respublikalar kimi Azərbaycanda da nağd pul dövriyyəsinin təşkili mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi.

1936-cı ildə qəbul edilmiş Konstitusiya aktına görə, Dövlət gerbində 11 respublikanın adının göstərilməsilə əlaqədar olaraq tədavülə buraxılan əskinaslarda dövlətin adı və pulun nominalı 11 dildə göstərilmişdir. Əskinaslar dövriyyədə 1947-ci il pul islahatlarına qədər qalmışdır. Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilmişdir. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında “Pavlov islahatı” kimi qalmışdır. O vaxt 50 və 100 rublluq əskinaslar dövriyyədən üç gün müddətində çıxarıldı.

SSRİ dövründə ən üzunmüddətli tədavüldə olan pul nişanları 1961-ci il islahatlarından sonra dövriyyəyə buraxılan 1, 3, 5 rubl dəyərində SSRİ Dövlət Xəzinədarlıq biletləri və 10, 25, 50 və 100 rubl dəyərində SSRİ Dövlət Bankının biletləri olmuşdur.

Bununla yanaşı, 1961-ci ildə dövriyyəyə yeni dizaynla 1, 2, 3, 5, 10, 15, 20, 50 qəpik və 1 rubl dəyərində sikkələr buraxılmışdır.

1 rubl1 rubl
3 rubl3 rubl
5 rubl5 rubl
10 rubl10 rubl
25 rubl25 rubl
50 rubl50 rubl
100 rubl100 rubl

Müstəqilliyinin bərpasından sonra dövriyyəyə buraxılan ilk milli pul nişanları (AZM)

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Belə ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur.

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunmuşdur.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi. Bu baxımdan, Ümummilli Lider cənab Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynadı. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla da Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz tövhəsini verdi.

Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması ümummilli lider cənab Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət komissiyası tərəfindən hazırlanmış və 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidinin manat olduğu müəyyən edilmiş və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilmişdir. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun, sözün əsl mənasında, milli valyutaya çevrilməsi üçün münbit şərait yaratdı.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.

1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilmişdir.

İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılmış və bu pul vahidinin üzərində orjinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Mömünə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilmişdir.

İngiltərədə 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əskinas buraxılmışdır. Bu əskinas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilmişdir. Əskinasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilmişdir.

Ümumikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılmışdır. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olmuş və denominasiya çərçivəsində dövriyyədən geri yığılmışdır.

Denominasiya və yeni nəsil pul nişanlarının (AZN) dövriyyəyə buraxılması

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanmışdır.

Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZMAZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam etməkdədir.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.

Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nuşanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixçilik ənənələrini daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi.

Ölkədə həyata keçirilən denominasiyanı yüksək qiymətləndirən prezident cənab İlham Əliyev yüksək beynəlxalq standartlara cavab verən pul nişanlarının dövriyyəyə buraxılmasını son dövrdə həyata keçirilən mühüm milli layihələrdən biri olduğunu qeyd etmişdir.

Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanmışdır. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilmişdir.

Yeni dizayn konsepsiyasının əsas şərtləri müsabiqəyə təqdim olunacaq pulların dizaynlarını dünyada ən yeni cərəyanları və “vahid ailə” prinsipi nəzərə alınmaqla hazırlanması olmuşdur.

Müsabiqədə iştirak edən şirkətlərdən Avstriyanın “OeBS” şirkətinin dizayneri, Avro əskinaslarının dizayn müsabiqəsinin qalibi və Avronun müəllifi cənab Robert Kalinanın hazırladığı eskizlər tələb və gözləntilərə cavab verdiyindən qalib seçilmişdir.

Dizaynların hazırlanmasında və ideyaların ifadə olunmasında modern qrafik üsulu əsas götürülmüş, Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və avropa ailəsinə inteqrasiyasını təzahür etmişdir.

Ölkə prezidenti cənab İlham Əliyev yeni nəsil pul nişanlarının dizaynına münasibət bildirirək qeyd etmişdir: “Manat çox gözəl dizayna malikdir. Üzərində Azərbaycanın mədəniyyətini, tarixini, keçmişini, bu gününü və gələcəyini əks etdirən təsvirlər mövcuddur. Ümid edirəm ki, uzun illər, onilliklər ərzində bu manat Azərbaycan xalqına, vətəndaşlarına xidmət edəcək, ölkəmiz daha da zənginləşəcək və Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcəkdir.”

Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanmışdır. Pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilmişdir. Belə ki, pul nişanlarının istehsalı İSO tələblərinə uyğun olaraq həyata keçirilmiş, həm istehsal, həm də istehsaldan sonra əskinasların keyfiyyəti xüsusi avtomatik avadanlıqlarla tək-tək yoxlanılmışdır.

Müasir dövrdə kompyuter və sürətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, eyni zamanda əskinasların mühafizəsi üçün istifadə olunan texnologiyalar və mühafizə elementlərinin müxtəlif sahələrdə istifadə olunması saxtakarlıq ehtimallarını yüksəldir. Məhz bu səbəblərdən əskinaslarda yeni və müasir mühafizə elementlərinin və xüsusi mühafizə sistemlərinin tətbiqinin aktuallığı getdikcə artırdı. Saxtakarların uğurlu olmalarının əsas amili əhalinin pul nişanlarının mühafizə elementlərini tam müəyyən edə bilməməsi ilə səciyələnir. Belə olan halda Milli Bankın əsas vəzifəsi yeni və ənənəvi texnologiyaların kombinasiyası olan mühafizə sistemini yaratmaqdan və ictimaiyyəti bunlarla yaxından tanış etməkdən ibarət olur.

Bunları nəzərə alaraq yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Qeyd etmək istərdik ki, köhnə nəsil əskinaslardan fərqli olaraq yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementləri də istifadə olunmuşdur.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə Dunya Bankının Vasinqtondakı baş ofisində Azərbaycan Günləri